Rəşad Bayramov: İndiki mərhələdə müharibənin dayandırılması ehtimalı aşağıdır
Ukrayna-Rusiya müharibəsi artıq dörd ildir ki, gərgin pauzada davam edir. Tərəflər arasında Əbu-Dabi və Cenevrədə keçirilən görüşlər, xüsusilə ərazi məsələlərində ortaq məxrəc tapılmaması səbəbindən dalana dirənib. Rusiya ordusu Ukrayna üçün iqtisadi və hərbi cəhətdən strateji əhəmiyyət daşıyan Donetsk vilayətinin, təxminən 83–85 %-ni nəzarətində saxlayır. Rəsmi Moskva vilayətin şərq hissəsinin təxminən 20 %-ni Ukraynaya təklif etməyə hazır olduğunu açıqlasa da, Kiyev bunu qəti şəkildə rədd edir. Çünki Ukrayna, Donetsk, Luhansk və Zaporojye vilayətlərini ərazi bütövlüyünün ayrılmaz hissəsi sayır. Tərəflər arasında növbəti danışıqların, yenidən martın 5-də Əbu-Dabidə keçirilməsi planlaşdırılsa da, İranın Yaxın Şərq ölkələrini bombalaması görüşü ərtələməyə vadar etdi. Danışıqların, Türkiyədə keçiriləcəyinə dair fikirlər də var. Yaxın Şərqdəki gərginlik Ukrayna-Rusiya müharibəsinə də təsirsiz ötüşməyib. Əlini ərəb ölkələrindən çəkən Avropa dövlətləri, enerji təminatını təmin etmək məqsədilə Moskvanın qapısını döyməyə başlayıb.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, İranın Körfəz ölkələrinə endirdiyi davamlı zərbələr fonunda ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında növbəti görüşün Əbu-Dabidə keçirilməsi mümkünsüzdür:

“Bu baxımdan da görüşün Türkiyədə keçiriləcəyinə dair iddialar ortaya çıxıb. Hazırki vəziyyətdə belə görüşlərdə təqdim edilə biləcək təkliflər əsasən bir neçə sahəni əhatə edə bilər. İlk növbədə, mümkün atəşkəs və münaqişənin dondurulması mexanizmləri əsas müzakirə mövzularından biri ola bilər. Bununla yanaşı, gərginliyin nəzarət altında saxlanılması üçün konkret addımların müəyyənləşdirilməsi, beynəlxalq monitorinq mexanizmlərinin tətbiqi və müşahidə missiyalarının bölgəyə cəlb edilməsi də gündəmdə yer ala bilər. Dron və raket hücumlarının izlənməsi, münaqişə zonalarında mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi kimi humanitar məsələlərin də müzakirə ediləcəyi istisna deyil”.
Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən proseslər Ukraynaya göstərilən hərbi-siyasi dəstəyin intensivliyinə mənfi təsir edir:
“Digər tərəfdən, enerji və ticarət dəhlizlərinin təhlükəsizliyinin qorunması, xüsusilə Qara dəniz kimi strateji marşrutlarda sabitliyin təmin olunması da danışıqlar paketinin mühüm elementlərindən biri ola bilər. Bu cür kompleks yanaşma hərbi, siyasi və humanitar aspektləri əhatə etməklə, Rusiya-Ukrayna müharibəsində risklərin idarə olunmasına və nisbi sabitliyin formalaşmasına xidmət edəcək. Təbii ki, bu tədbirlərin həyata keçməsi birbaşa Rusiyanın prosesdə maraqlı olmasından asılıdır. İran-ABŞ-İsrail müharibəsi fonunda ABŞ resurslarının bir hissəsi Yaxın Şərqə yönəldildiyi üçün Ukraynaya ənənəvi hərbi dəstəyin, silah və texnika təminatının tam sürətlə həyata keçirilməsində problemlər yarana bilər”.
R.Bayramov bildirib ki, Avropanın gözündə enerji və ticarət baxımından əhəmiyyətli aktora çevrilən Rusiya, danışıqlar masasında güzəştə getməyəcək:
“İranla bağlı gərginlik fonunda Avropanın enerji asılılığının artması Rusiyanın neft və qazına tələbatı yüksəldərək, Moskvaya iqtisadi-strateji üstünlük qazandırır. Çünki bu proses, qarşı tərəfin resurs imkanlarını məhdudlaşdıraraq, döyüş qabiliyyətində balansın pozulmasına səbəb olacaq. Rusiyanın hazırkı strategiyası, daha çox gözləmə taktikası və strateji mövqelərini qorumaq üzərində qurulub. Belə bir yanaşma tərəflər arasında razılaşma imkanlarını məhdudlaşdıraraq, Ukrayna cəbhəsində uzunmüddətli risklərin artmasına səbəb olacaq. Bir sözlə, görüşün harada keçirilməsindən və nələrin müzakirə olunmasından asılı olmayaraq indiki mərhələdə müharibənin dayandırılmasına dair hər hansı razılşamanın ola biləcəyi ehtimalı aşağıdır ”.