Rusiya MN-də Putinin iqamətgahına PUA hücumu ilə əlaqədar brifinq keçirilib

Rusiya Müdafiə Nazirliyində Prezident Vladimir Putinin Novqoroddakı iqamətgahına pilotsuz uşuş aparatları (PUA) ilə hücumla əlaqədar brifinq keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Hava kosmik Qüvvələrinin Zenit Raket Qoşunlarının rəisi general-mayor Aleksandr Romanenkov bu gün keçirdiyi brifinqdə bildirib ki, Ukrayna 28-29 dekabr tarixləri arasında Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına uzaqmənzilli PUA-dan istifadə edərək hücum etməyə cəhd edib.

Onun sözlərinə görə, Ukrayna PUA-ları Sumı və Çerniqov vilayətləri ərazisindən Putinin iqamətgahına hücum etmək üçün buraxıb.

Qeyd olunub ki, Putinin iqamətgahına PUA hücumu Moskva vaxtı ilə saat 19:20 radələrində aşkar olunub: "Ukrayna Silahlı Qüvvələri Rusiya Prezidentinin iqamətgahına hücum etmək üçün 91 PUA göndərib. Bütün Ukrayna PUA-ları məhv edilib. PUA hücumu zamanı Rusiya Prezidentinin iqamətgahına heç bir ziyan dəyməyib".

Rusiyalı general vurğulayıb ki, Ukraynanın məlum PUA hücumu məqsədyönlü olub, dəqiqliklə planlaşdırılıb.