Rusiya NATO-dan 1997-ci il mövqelərinə qayıtmağı tələb edir - Putinin şərtləri açıqlanıb

Rusiya Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda NATO-nun hərbi qüvvələrini 1997-ci ildəki mövqelərinə qaytarmasını, alyansın genişlənməsinin dayandırılmasını və Ukraynaya silah tədarükünün kəsilməsini tələb edib.

Sherg.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. Bildirilir ki, Moskva bu tələbləri noyabrın 10-da Əbu-Dabidə ABŞ nümayəndələri ilə keçirilən qapalı danışıqlarda yenidən gündəmə gətirib.

Rusiyanın tələbləri Polşa və Baltikyanı ölkələr də daxil olmaqla, Mərkəzi və Şərqi Avropada NATO-nun hərbi fəaliyyətinin məhdudlaşdırılmasını, eləcə də alyansın Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı hərbi mövcudluğunun azaldılmasını əhatə edir.

Moskva, həmçinin Böyük Britaniya və Fransanın digər Avropa ölkələrinə nüvə müdafiəsi təmin etməsinə məhdudiyyət qoyulmasını, Qərbin Ukraynaya silah və hərbi texnika göndərməsinin dayandırılmasını istəyir. Ukraynanın Avropa İttifaqına üzvlüyünə isə onun ortaq müdafiə siyasətinə qoşulmaması şərti ilə etiraz etmədiyi bildirilir.

Nəşrin yazdığına görə, bu tələblər Rusiyanın 2021-ci ildə irəli sürdüyü təhlükəsizlik şərtləri ilə əsasən üst-üstə düşür. Sənəd Moskvanın Avropada təhlükəsizlik arxitekturasına dair mövqeyində ciddi dəyişiklik olmadığını göstərir.

Məlumata görə, Rusiya nümayəndələri bəzi məsələlərdə güzəştə gedə biləcəkləri barədə mesaj versələr də, ABŞ administrasiyasının iqtisadi təşviqləri hələlik Moskvanın konkret güzəştinə səbəb olmayıb.

Qeyd edək ki, bu müzakirələr ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində gözlənilən görüşü ərəfəsində baş verir.