Rusiya öz vətəndaşlarını Almaniyaya səfərlərdən çəkinməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını kəskin zərurət olmadığı halda Almaniyaya səfər etməkdən çəkinməyə çağırıb.

Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, müvafiq tövsiyələr nazirliyin və Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərinin rəsmi resurslarında dərc olunub:

"Bu tövsiyələr Almaniyaya ezam olunan jurnalist korpusunun nümayəndələri üçün də faydalı ola bilər, çünki müəyyən problemlər mövcuddur".

Mariya Zaxarova bu açıqlamanı Almaniyada Rusiya vətəndaşları ilə bağlı baş verən insidentlər fonunda verdiyini bildirib.

Xüsusilə, o, Sankt-Peterburqun "Zenit" futbol klubunun baş məşqçisi Sergey Semak və onun həyat yoldaşı ilə bağlı hadisəni xatırladıb.

Belə ki, dekabrın əvvəlində Anna Semak Münhen hava limanında "tax-free" prosedurundan keçərkən saxlanıldıqlarını, 300 avrodan baha olan alış-verişlərinin müsadirə edildiyini və nəticədə ailənin öz reysinə gecikdiyini açıqlamışdı.