Rusiya səfiri: Paşinyanla Putinin görüşü üçün ön şərt yoxdur

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi üçün hər hansı ön şərtin olmadığını bildirib.

Sherg.az xəbər verir ki, Kopırkin Ermənistan İctimai Radiosuna müsahibəsində “Belə bir ssenaridən xəbərim yoxdur. Bildiyim qədərilə, bu görüş üçün heç bir ön şərt irəli sürülməyib”, deyə bildirib.

O, görüşün Yerevanın “Rosatom” tərəfindən yeni atom elektrik stansiyasının tikintisinə razılıq verməsi və ya Ermənistan dəmir yollarının idarə edilməsinə dair Rusiya konsessiyasının uzadılması ilə əlaqələndirilməsi barədə fikri şərh edib.

Qeyd edək ki, Vladimir Putin sentyabrın 1-də Paşinyanı iki ölkə arasında əməkdaşlığın konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini açıqlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini bildirib.