ABŞ və Rusiya hakimiyyəti hazırda Meksikada olan vətəndaşlarını ölkədə yaranmış gərginlik fonunda sığınacaqlara çəkilməyə çağırıb.
Teleqraf xəbər verir ki, xəbərdarlıqlar Xalisko ştatına, eləcə də Tamaulipas, Miçoakan, Gerrero və Nuevo-Leon ştatlarının bəzi ərazilərinə şamil olunur. Bildirilir ki, Meksikada iğtişaşlar narkokartel lideri Nemesio Oseqera Servantesin, “El Menço” ləqəbli şəxsin öldürülməsindən sonra başlayıb.
RT telekanalının yaydığı kadrlarda Meksikanın müxtəlif şəhərlərində yandırılmış nəqliyyat vasitələrinin görüntüləri yer alır.
Xatırladaq ki, daha əvvəl “Xalisko Yeni Nəsil” narkokartelinin başçısının zərərsizləşdirilməsindən sonra ölkədə kütləvi iğtişaşlar qeydə alınmışdı. Həmçinin narkokartel üzvlərinin partlayıcı maddələrdən istifadə edərək Meksikanın Milli Qvardiyasının bazasına hücum etdiyi bildirilmişdi.