Rusiya XİN: AZAL-ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik

Rusiya Aktauda baş verən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı istintaq çərçivəsində Qazaxıstanla əməkdaşlıq edir.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə bildirib.

Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri ilə bağlı beynəlxalq araşdırma Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən aparılır. Rusiya tərəfi agentliyə bütün lazımi yardımı göstərir və Rusiya aviasiya bütün sorğulara cavab verib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.