Rusiyada benzin kəskin bahalaşdı

Rusiyada yanacaq qiymətləri Ukraynanın Rusiyanın neft emalı zavodlarına PUA-larla endirdiyi yeni zərbələrdən sonra maksimum səviyyəyə yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə “Moskva Tayms” nəşri yazıb.

Nəşr Sankt-Peterburq Birjasının məlumatlarına istinadən qeyd edib ki, 9–13 fevral tarixləri arasında Аİ-92 markalı benzinin orta topdansatış qiyməti 6,9% artaraq bir tonu 62 431 rubla çatıb. 95 markalı benzin isə ötən həftə ərzində 5,8% bahalaşaraq bir tonu 63 545 rubla yüksəlib.

“Qiymət artımı ötən ilin iyulundan bəri ən kəskin artım olub”, – məlumatda vurğulanıb.

Bu gün keçirilən hərracların yekunlarına görə, 95 markalı benzinin qiymət artımı davam edib. Bu markanın birja kotirovkaları iki ayın maksimumunu yeniləyərək, tonuna 63 787 rubla çatıb.

Nəşr benzinin bahalaşmasının əsas səbəbi kimi Ukrayna pilotsuz aparatlarının Rusiya neft emalı zavodlarına endirdiyi zərbələri göstərir.