Rusiyada "Roblox" qadağasına qarşı etiraz

Rusiyada məşhur oyun platformu "Roblox"a tətbiq edilən giriş qadağasına qarşı etiraz aksiyası keçirilib.

Sherg.az xəbər verir ki, Sibirin Tomsk şəhərində onlarla insan ABŞ mərkəzli uşaq oyun platforması "Roblox"a Rusiyanın tətbiq etdiyi giriş qadağasını etirazla qarşılayıb.

Moskvanın təxminən 2 min 900 kilometr şərqində yerləşən Vladimir Vısotskiy parkında 14 dekabr tarixində toplaşan etirazçılar qar və şaxtalı havaya baxmayaraq, əllərində plakatlarla narazılıqlarını ifadə ediblər.

Aksiya, qadağaya qarşı cəmiyyətdə narazılığın artdığı bir dövrdə, ölkədə nadir hallarda rast gəlinən ictimai etiraz nümunəsi kimi qeydə alınıb.

Etirazçılar “Roblox-dan əl çəkin” və “Roblox rəqəmsal dəmir pərdənin qurbanıdır” yazılı əl işi plakatlar daşıyıblar.

Aksiyanın təşkilatçılarından birinin paylaşdığı fotolarda təxminən 25 nəfərin qar üzərində dairə şəklində dayanaraq etiraz etdiyi görünür.

Bir plakatda isə “Bacardığınız yeganə şey qadağan etmək və əngəlləməkdir” ifadəsi yer alıb.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) dekabrın 3-də qəbul etdiyi qərarla platformaya girişi məhdudlaşdırmışdı.

Qurum platformanın “uşaqların mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərə biləcək uyğunsuz məzmunlarla dolu olduğunu” iddia edib.

Ötən həftə verilən açıqlamada isə platformada “ekstremizm, terror fəaliyyətləri və LGBT təbliğatı aparıldığı” irəli sürülmüşdü.

Moskva müharibə dövründə Snapchat, Facebook, Instagram, WhatsApp və YouTube kimi sosial media platformalarını bloklayır və ya məhdudlaşdırır.

Hökumət bu platformalar əvəzinə öz mövqeyini sosial şəbəkələr və Rusiya mediası vasitəsilə yaymağa üstünlük verir.