Ryabkov: Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi

Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb, tərəflərin son dəfə cəhd etməsi lazımdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya" telekanalının "60 dəqiqə" proqramında deyib.

"Düşünürəm ki, 2025-ci il dekabrın 25-də hamımızın yaddaşında həqiqətən də həllə yaxınlaşdığımız bir hədd kimi qalacaq, lakin son cəhdi edib razılaşmaya çıxa biləcəyikmi? Bax bu, qarşı tərəfin siyasi iradəsindən asılıdır", - diplomat bildirib.

"Biz Ukrayna mətbuatında 20 maddədən ibarət bir plana istinadların meydana çıxdığını gördük. Bilirik ki, bu plan, əgər buna ümumiyyətlə plan demək mümkündürsə, son həftələrdə, dekabrın ilk günlərindən başlayaraq Amerika tərəfi ilə müzakirə etdiyimiz 27 maddədən köklü şəkildə fərqlənir", - o bildirib.

Onun sözlərinə görə, əgər tərəflər Ankoricdə razılaşdırılan məsələlərdən uzaqlaşsalar, heç bir kompromis əldə etmək mümkün olmayacaq. O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanı dost ölkə kimi görmək istərdi:

"Düşünürəm ki, Ukrayna buna gələcək. Sadəcə, bu anın yaxınlaşması üçün səy göstərmək lazımdır"

Ryabkov qeyd edib ki, Moskva Avropa ilə əlaqələrə açıqdır, lakin onlar tərəfdən buna hazırlıq müşahidə olunmur.