Şahbanu İranda “Milli Matəm” elan etdi

İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin xanımı (şahbanu) Fərəh 23 yanvarı ölkədə “Milli Matəm Günü” elan edib.

Teleqraf xəbər verir ki, o, sosial mediadakı paylaşımında həmin günü “İran Milli İnqilabının qurbanlarını yad etmək üçün Milli Matəm Günü” kimi qeyd etdiyini bildirib.

Fərəh Pəhləvi son günlərdə İranda etiraz aksiyaları zamanı baş verən qətlləri “insanlığa qarşı cinayət” adlandırıb:

“Minlərlə iranlının axıdılan qanı əbəs yerə getməyəcək. Bu vətənpərvər övladlar İran üçün canlarını fəda etdilər, qanlarını azadlıq fidanının kökünə tökdülər”.

Şahbanu əlavə edib ki, qurbanların anaları ilə həmrəy olaraq, onların yasını tutmaq haqqının belə əlindən alındığını nəzərə alaraq cümə gününü “Milli Matəm Günü” elan edir.

“Dünyanın hər yerindən olan azad iranlılardan xahiş edirəm ki, saat 12-də, yaşadıqları vaxt zonasına görə, İranın qurban olmuş övladlarını yad etmək üçün bir dəqiqəlik sükutda olsunlar”.