Serbiyanın NIS neft şirkəti ötən ili zərərlə başa vurub

Serbiyanın NIS neft şirkəti 2025-ci ili zərərlə başa vurub, lakin bazara tədarükün sabitliyini qoruyub saxlayıb.

"Report"un Balkan bürosunun xəbərinə görə, bu barədə məlumat qurumun hesabatında yer alıb.

Qeyd olunub ki, NIS 2025-ci ili 5,6 milyard dinar (1 avro – 118 dinar) zərərlə başa vurub.

Mürəkkəb şərait, ilk növbədə, ABŞ-nin Xəzinədarlıq Departamenti tərəfindən tətbiq edilən sanksiyaların təsiri altında aparılan fəaliyyət maliyyə və əməliyyat nəticələrinə ciddi təsir göstərib.

Ötən il NIS fəaliyyətinə neftin qiymətlərinin aşağı düşməsi, bahalı neft ehtiyatları, Bolqarıstan və Rumıniyada aktivlərin mühasibat uçotunun dəyərsizləşməsi və digər səbəblər mənfi təsir göstərib.

Bununla belə, NIS "EBITDA" göstəricisini 22,2 milyard dinar müsbət səviyyədə saxlamağa nail olub. Eyni zamanda bütün biznes sahələri üzrə inkişaf layihələrinə 28,1 milyard dinar investisiya yatırılıb. Həmçinin banklara olan borcların 29 faiz azaldılaraq, 2025-ci ilin sonuna 396,3 milyon avro təşkil etdiyi qeyd olunub.

Yekunda ümumilikdə 1,124 milyon ton neft və qaz ekvivalenti istehsal edildiyi, xam neft və aralıq məhsulların emalının ümumi həcminin isə 3,095 milyon ton olduğu bildirilib. Neft məhsullarının ümumi satışı isə 3,023 milyon tona çatıb.