Şimali Koreyadan dünyaya gözdağı: “8 min 700 tonluq nüvə nəhəngi hazırlanır”

Şimali Koreya lideri Kim   Çen In 8 min 700 tonluq nüvə sualtı qayığının tikintisi ilə bağlı işlərin gedişi ilə tanış olub və məsul şəxslərdən məlumat alıb.

Sherg.az xəbər verir ki, Şimali Koreya rəhbərliyinin yaydığı açıqlamaya görə, Kim burada etdiyi çıxışda strateji nüvə sualtı qayığına sahib olmağın əhəmiyyətinə diqqət çəkib. Kim bildirib:

“Ən yaxşı müdafiə siyasəti ən güclü hücum imkanlarına əsaslanır. Super güclü hücum qabiliyyətləri milli təhlükəsizliyi qoruyan ən yaxşı qalxandır.”

Yeni nüvə sualtı qayığının tikintisinin tamamlanması ilə kritik bir mərhələnin keçiləcəyini deyən Kim Cen In qeyd edib:

“Bu, Şimali Koreyanın müharibəni caydırma potensialının çatdığı səviyyəni həm xalqımıza, həm də düşmənə açıq şəkildə göstərən, yeni bir dövrün başlanğıcı xarakteri daşıyan, mühüm bir dəyişiklik olacaq.”

Şimali Koreyanın düşməni caydırmağın yeganə yolu olan nüvə gücündən imtina etməyəcəyini vurğulayan Kim əlavə edib:

“Ölkəmizin şərəfini təmsil edən və təhlükəsizliyini qəti şəkildə təmin edən nüvə qalxanını daha da gücləndirmək indiki nəslin ali vəzifəsidir.”