Suriya ordusu YPG/SDQ terror təşkilatına qarşı apardığı əməliyyatlar çərçivəsində, atəşkəsin qüvvəyə minməsinə az qalmış, saat 19:00 radələrində Süleyman Şah Türbəsinin yerləşdiyi Karakozak bölgəsini təşkilatın nəzarətindən azad edib.
Sherg.az xəbər verir ki, Suriya ordusu gün ərzində Hələbin Ayn əl-Ərəb (Kobani) rayonunun cənub hissələrində silahlı qruplarla şiddətli toqquşmalardan sonra Sırrin qəsəbəsinə daxil olaraq irəliləyiş əldə edib.
Fərat çayının qərb sahilində yerləşən ordu bölmələri, çayın qarşı tərəfində yüksəkliklərdə mövqe tutan terrorçuların güclü atəşi səbəbindən körpünü keçə bilmədiyi üçün Sırrin cəbhəsində irəliləyişini sürətləndirib.
Sırrindən şimal istiqamətdə Ayn əl-Ərəbə doğru hərəkət edən ordu qüvvələri Karakozak kəndinin yerləşdiyi ərazini mühasirəyə alıb.
Şam hökuməti ilə terror təşkilatı arasında saat 20:00-da qüvvəyə minən atəşkəsdən az əvvəl, təxminən 19:00 radələrində bölgə tam şəkildə Suriya ordusunun nəzarətinə keçib.
Terror təşkilatının körpü ətrafını və Süleyman Şah Türbəsinin yerləşdiyi ərazini geniş şəkildə minalaması səbəbindən hələlik əraziyə daxil olunmayıb.
Ərazi mina və digər partlayıcıların təmizlənməsindən sonra təhlükəsiz vəziyyətə gətiriləcək.