Suriya yeni milli valyutanı dövriyyəyə buraxır

Suriyanın Mərkəzi Bankının sədri Abdulkadir əl-Həsriyə ölkədə yeni Suriya valyutasının dövriyyəyə buraxıldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank rəhbəri Əl-Həsriyə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, bu addım ölkə üçün mühüm milli hadisə olmaqla, iqtisadi və valyuta sahəsində yeni dövrün başlanğıcını ifadə edir.

Əl-Həsriyə vurğulayıb ki, yeni Suriya valyutası ölkənin azad edilməsindən sonra maliyyə müstəqilliyinin rəmzidir və Mərkəzi Bankın rəhbərliyi altında bütün tərəflərin əməkdaşlığı ilə formalaşan yeni mərhələnin əsasını qoyur.

“Yeni valyuta azadlıqdan sonra əldə edilən nailiyyətlərə əlavə olunan milli uğur olacaq və iqtisadi sabitliklə bərpa yolunda qətiyyətli addım kimi tarixə düşəcək”, - o qeyd edib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, yeni valyuta ilə bağlı bütün detallər 28 dekabrda keçiriləcək iclasda açıqlanacaq.