Suriyadan İraqa gətirilən İŞİD tərəfdarı və döyüşçülərinin sayı açıqlanıb.
APA İNA-ya istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri general-leytenant Səad Maan məlumat verib.
Qeyd edilib ki, hazırda İraq ərazisində Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan köçürülmüş İŞİD terrorçu qruplaşmasının 2,2 mindən çox keçmiş tərəfdarı və döyüşçüsü yerləşdirilib: “İraq artıq Suriyadan gətirilən 2 250 nəfər İŞİD tərəfdarı və döyüşçüsünü qəbul edib. İŞİD təhlükəsinin yayılmasının qarşısını almaq üçün İraq hökuməti və ölkənin təhlükəsizlik qüvvələri bu qədər keçmiş döyüşçünün yerləşdirilməsi və prosedur məsələlərinin öhdəsindən gəlməyə hazırdır. Xüsusi qruplar artıq gətirilmiş şəxslərlə bağlı ilkin araşdırmalara və onların təhlükəlilik səviyyəsinə, eləcə də qruplaşmanın fəaliyyətinə cəlb olunma dərəcəsinə görə təsnifatına başlayıblar, etiraf ifadələri qeydə alınır. İraq tərəfi İŞİD-in cinayətlərində iştirak etmiş bütün şəxsləri ölkə məhkəmələrində mühakimə etmək niyyətindədir. İraqın Xarici İşlər Nazirliyi terrorçu qruplaşmanın cinayətlərinə qarışmış vətəndaşlarının təhvil verilməsi məsələsi ilə bağlı bir sıra dövlətlərlə əlaqə saxlayır. İŞİD tərəfdarlarının digər ölkələrə verilməsi prosesi yalnız İraq tərəfinin təqdim etdiyi bütün hüquqi tələblər yerinə yetirildikdən sonra başlayacaq”.
Qeyd edək ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada saxlanılan İŞİD tərəfdarlarını İraqa köçürülməyə başlanıldığını bildirmişdi. CENTCOM-un məlumatına görə, İraq ərazisinə çatdırılacaq İŞİD tərəfdarı və döyüşçülərinin sayı 7 minə çata bilər.