Təl-Əviv ABŞ ilə İran arasında razılaşma əldə olunacağına inanmır- AÇIQLAMA

ABŞ və İran arasında Omanın paytaxtı Məsqətdə keçirilən danışıqlardan sonra Tramp Ağ Evdə Netanyahu ilə görüşüb. Netanyahu gecələdiyi "Blair House"dan avtomobillə ayrıldıqdan sonra, kameraların olmadığı Ağ Evin cənub girişindən binaya daxil olub.

Sherg.az xəbər verir ki, Netanyahunun girişindən qısa müddət sonra Ağ Ev Tramp ilə Netanyahu arasında mətbuata qapalı görüşün başladığını açıqlayıb.

Görüş təxminən 3 saat davam edib. Görüşdən sonra Netanyahu Ağ Evi tərk edib.

Prezident Donald Tramp görüşün “çox məhsuldar” keçdiyini bildirib və İranla danışıqların razılaşma əldə olunub-olunmayacağı bəlli olana qədər davam edəcəyini qeyd edib.

Tramp Truth Social hesabında paylaşım edərək bildirib ki, İranla danışıqların davam etməsində israr edib. Onun sözlərinə görə, hələlik konkret nəticə yoxdur.

Tramp qeyd edib ki, İranla razılaşmaya üstünlük verdiyini Netanyahuya çatdırıb:

“Əgər razılaşma əldə olunmasa, nəticəsinin nə olacağını gözləyib görəcəyik. Keçən dəfə İran razılaşma etməməyin daha yaxşı olacağını düşündü və bu onlar üçün yaxşı nəticələnmədi. Ümid edirəm ki, bu dəfə daha məntiqli və məsuliyyətli davranarlar.”

Tramp həmçinin Qəzza və Yaxın Şərqdəki son vəziyyəti Netanyahu ilə müzakirə etdiklərini bildirib və “Artıq Yaxın Şərqdə real sülh var” fikrini səsləndirib.

Bu, Trampın ikinci prezidentlik dövrünün əvvəlindən bəri iki liderin yeddinci görüşü olub.

Görüşdən sonra İsrail Baş nazirinin Ofisi açıqlama yayaraq bildirib ki, Netanyahu İranla danışıqlar çərçivəsində İsrailin təhlükəsizlik tələblərini vurğulayıb və iki lider koordinasiya və sıx təmasın davam etdirilməsi barədə razılığa gəliblər.

İsrail dövlət televiziyası KAN isə məlumat yayıb ki, Təl-Əviv administrasiyası ABŞ ilə İran arasında razılaşma əldə olunacağına inanmır.

Məlumatda qeyd olunur ki, İsrail İranın “vaxt qazanmağa çalışdığına” inanır və razılaşma ehtimalını yüksək qiymətləndirmir. Bildirilir ki, Netanyahu görüşdə Trampa “ən yaxşı razılaşmanın İranın əbədi olaraq nüvə silahı əldə etməsinin qarşısını alan razılaşma” olacağını deyib.