Terrorun sonu gəlıdi: PKK istəsə də, istəməsə də, tərk-silah ediləcək

Bu proses Türkiyənin daha güclü, qüdrətli olmasını sürətləndirəcək, qlobal güc olma yolunda qarşısındakı əngəlləri aradan qaldıracaq
PKK terror təşkilatının həbsdəki başçısı Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Öcalanın adından yayılan yazılı müraciətdə "silahı buraxın" çağırışı yer alıb. Terrorçubaşının müraciətində deyilib ki, bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır: "Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm". Türkiyənin hakim AK Partiyasında PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın təşkilatın tərksilah olmasına dair etdiyi çağırışı şərh ediblər. Partiya sədrinin müavini Efkan Ala çağırışın nəticə verib-verməyəcəyinin vacib olduğunu qeyd edib: “Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”. Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl deyib ki, terror təşkilatının silahı yerə qoyması və özünü ləğv etməsi çağırışı vacibdir. O bildirib ki, bu çağırışın tələblərinə uyğun hərəkət edilməsi, on minlərlə insanın həyatına son qoyan, ağır iqtisadi və sosial ziyana səbəb olan terrora əbədi son qoyulması önəmlidir: "Kürd probleminin Türkiyə Böyük Millət Məclisinin nəzarəti altında, cəmiyyətin bütün təbəqələrini əhatə edən şəffaf şəkildə həll edilməsi ilə bağlı mövqeyimiz qətidir". Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparıb. Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb. Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub. Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib. Öcalanın çağırışına ABŞ-dən də reaksiya gəlib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz deyib ki, PKK lideri Abdullah Öcalanın silahları yerə qoyma çağırışının bölgədə sülhün bərqərar olmasına kömək edəcəyinə ümid edirik: “Mühüm hadisədir. İnanırıq ki, bu, müttəfiqimiz Türkiyənin Suriyanın şimal-şərqində İŞİD-ə qarşı fəaliyyət göstərən ABŞ tərəfdaşlarına münasibətini yumşaltmağa kömək edəcək”. PKK liderinin tərk-silah çağırışına YPG-dən də reaksiya gəlib. YPG/PKK terror şəbəkəsinin komandanı, “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin deyib ki, onların münasibəti müsbətdir: "Bu, sülh məsələsidir. PKK lideri bizə mesaj göndərərək fikirlərini açıqladı. Biz buna müsbət baxırıq. O, Cənubi Kürdüstana və başqa yerlərə göndərdiyi mesajı bizə də göndərdi". 
Ekspertlərə görə, Öcalanın PKK-nı silahı yerə qoymaq çağırışı Türkiyənin terrora qarşı mübarizədə tarixi nəticələrindən biri hesab oluna bilər. Bu çağırış terrorçuların tam şəkildə silahı yerə qoyması ilə nəticələnməsə də, siyasi-ideoloji müstəvidə ciddi nəticələri olacaq. Ən azından PKK ideologiyasını bölüşənlər arasında parçalanmalar yaradacaq. Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektorat da parçalanma perspektivi ilə üzləşəcək. Bu, Qəndilə bağlı siyasi qrupları neytrallaşdıra, yaxud təsir gücünü azalda bilər. PKK liderlərinin mənzilləndiyi Qəndilin Türkiyə siyasətinə təsiri böyük ölçüdə azalacaq. PKK-nın Suriya və İran qanadının Türkiyəyə təsirlərini azaldacaq. PKK-nı Türkiyə daxilində və sərhədlərində praktiki olaraq sıradan çıxaran rəsmi Ankara Qəndilin siyasi təsirlərini də aradan qaldırmaqla siyasi-ideoloji təhlükəsizliyini gücləndirəcək. Ancaq o da ehtimal edilir ki, Qəndilin Öcalanın çağırışını qəbul etməyəcəyi, silahlı aktlara davam edəcəyi bəllidir. PKK terrorçu təşkilat olmaqla yanaşı Türkiyəni zəif görmək istəyən bir sıra dövlətin əlində alətdir. Bəlkə də, dünyada yeganə terrorçu təşkilatdır ki, bir-birinə zidd ölkələr tərəfindən açıq və gizli dəstəklənir. Bu sırada ABŞ, Rusiya, İran, Yunanıstan, Fransa, hətta İsrail kimi dövlətlər yer alıb. 
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a açıqlamasında deyib ki, bu addım geosiyasi şərait və dünya nizamının dəyişməsi fonunda Türkiyənin artan önəminin, strateji rolunun və terrorla mübarizənin verdiyi nəticədir. Alim vurğulayıb ki, ötən dövr ərzində PKK ilə mübarizədə çox ciddi addımlar atılıb:
 "Böyük ölçüdə Türkiyə daxilində terror problemi ortadan qaldırılıb. Türkiyənin Suriya və İraqda həyata keçirdiyi əməliyyatlar terror təşkilatının "belini qırıb". Bu cür terror təşkilatlarının arxasında Qərb dövlətləri, ABŞ və Avropa dayanırdı. Hazırda ABŞ-nin prioritetləri fərqlidir. Amerika üçün əsas problem Çindir. Avropa İttifaqı da öz təhlükəsizlik çətirini formalaşdırmaq üçün Türkiyəyə ehtiyac duyur. Yəni yeni bir konyuktura formalaşır. PKK istəsə də, istəməsə də, tərk-silah ediləcək. Suriyanın şimalındakı PYD, YPG qruplaşmalarını da eyni aqibət gözləyir. Başqa alternativ yoxdur. Onları silahlandıran ABŞ idi. Məlumdur ki, Milliyətçi Hərəkat Partiyasının sədri, hörmətli Dövlət Baxçalı çağırış etmişdi ki, PKK özünü buraxsın, silahı yerə qoyduğunu açıqlasın. Ona görə bu məsələ həm də dövlətin bir siqnalı, mesajı olaraq görülməlidir". 
T.Nüsrətoğlu vurğulayıb ki, Türkiyəni bölüb-parçalamaq, terror təşkilatları üzərindən nəyəsə nail olmaq istəyənlər bunun mənasız cəhd olduğunu anlamalıdır: 
"Terror təşkilatının başçısının çağırışı Türkiyənin terrorla mübarizəsinin nəticə verdiyini, terrorçuları məğlubiyyətə uğratdığını, yeni şəraiti diktə etdiyini açıq şəkildə göstərir. Bu həm də terror təşkilatları üzərindən min illər boyu birlikdə yaşayan, hər zaman bir-birinin yanında olan türk-kürd qardaşlığını pozmağa çalışanların niyyətlərini boşa çıxaracaq bir addımdır. Kürdlər və türklər əsrlər boyu birlikdə yaşayıb, düşmənə qarşı çiyin-çiyinə savaşıblar. Əlbəttə, burada türk millətinin xoşgörülü, tolerant, birləşdirici mövqeyi də mühüm rol oynayıb, bütün islam dünyası üçün həlledici olub. Ümumən, bu proses Türkiyənin daha güclü, qüdrətli olmasını sürətləndirəcək. Qlobal güc olma yolunda Türkiyənin qarşısındakı əngəlləri aradan qaldıracaq".