Amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi "Tesla" şirkəti 2025-ci ildə elektromobillərin qlobal satış həcminə görə ilk dəfə Çin istehsalçısı "BYD"yə liderliyi uduzub.
APA xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, "Tesla"da elektromobil tədarüklərinin həcmi ikinci ildir azalır. Ötən il bu göstərici təxminən 9 faiz aşağı düşüb. Eyni zamanda "BYD" şirkətində tədarüklərin artımı artıq beşinci rüb ardıcıl davam edir.
"Bloomberg" "Tesla"nın problemlərini "Model Y" avtomobilinin yenilənməsi ilə əlaqələndirir. Bu proses zavodlarda istehsalın yenidən təşkili zərurəti yaradıb. Həmçinin qeyd olunur ki, "BYD"nin model müxtəlifliyi Amerika rəqibi ilə müqayisədə xeyli genişdir və Çin şirkətinin elektromobillərinin əksəriyyəti "Tesla"nın ən populyar "Model Y" və "Model 3" avtomobillərindən daha ucuzdur.
Agentliyin qiymətləndirməsinə görə, İlon Maskın siyasi fəaliyyəti, Respublikaçılar Partiyasına və ABŞ prezidenti Donald Trampa yaxınlığı, eləcə də federal hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə quruma kuratorluq etməsi də "Tesla"nın satış göstəricilərinə mənfi təsir göstərib.