Tokayev Qazaxıstanın Trampın “Sülh Şurası”na qoşulmasına razılıq verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın rəsmi dəvətinə cavab olaraq Qəzza üzrə yaradılan “Sülh Şurası”na qoşulmağa razılıq verib.

APA xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Ruslan Jeldivay bildirib.

Onun sözlərinə görə, Tokayev Donald Trampdan Qəzza üzrə təsis edilən “Sülh Şurası”na üzv olmaq üçün rəsmi dəvət alıb.

“Prezident Kasım-Jomart Tokayev dünya liderləri arasında bu rəsmi dəvəti alan ilk şəxslərdən biridir. Qazaxıstana sözügedən şuranın qurucu dövlətlərindən biri olmaq təklif edilib. Cavab olaraq, Prezident Tokayev ABŞ Prezidentinə minnətdarlığını bildirən və bu yeni quruma qoşulmağa razılıq verdiyini təsdiqləyən məktub göndərib. O, Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhün təmin olunmasına, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək niyyətini bir daha ifadə edib”, – Jeldivay qeyd edib.