Tokayev qızqaçırmanı “vəhşi cinayət və insan oğurluğu” adlandırdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şımkənd şəhərində gənc qadının qaçırılmasını şərh edərkən, belə hadisələri “vəhşi cinayət” adlandırıb.

Teleqraf xəbər verir ki, prezident qızqaçırma kimi adətlərin millətin nüfuzuna ciddi zərər vurduğunu bildirib.

“Qızqaçırma insan oğurluğudur. Bu, millətimizin nüfuzuna zərər vuran kobud, vəhşi cinayətdir. Belə vəhşiliyə heç bir halda yol vermək olmaz”, - Tokayev qeyd edib.

Qazaxıstan lideri Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa Şımkənddə polisin təqib etdiyi işin yoxlanmasını tapşırıb və ölümlə bitən hadisənin bütün ölkəni sarsıtdığını qeyd edib.

Yanvarın 11-də 21 yaşlı tələbə Nuray Serikbay Şımkənddə ölü vəziyyətdə tapılıb. Yerli KİV-in məlumatına görə, qadının qətlində şübhəli şəxs kimi onun əvvəlcədən təqib etdiyi tanışı saxlanılıb. Tokayev qeyd edib ki, tələbənin şübhəli tərəfindən sistemli şəkildə təqib olunması və onu hədələməsi faktı təsdiqlənib.

2025-ci ildə Qazaxıstanda məsələ ilə əlaqədar qanunvericilikdə dəyişikliklər qəbul olunub. Dəyişikliyə əsasən, zorakılıq olmadan edilən təqib üzrə məhkəmə 200 saat ictimai iş və ya 50 gün həbs təyin edə bilər. Həmçinin, qanuna zorla evlənməyə məcburetmə maddəsi əlavə edilib, bu maddə üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur.