Tokayev yanvar hadisələrindən dərs alıb -RƏY 

Prezident Qazaxıstanın idarəetmə modelini dəyişdirir
Tokayev süni intellektin siyasətə inteqrasiyasını sürətləndirir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin idarəetmə sistemini kökündən dəyişdirə biləcək konstitusiya islahatının və referendumun anonsunu verib. Tokayevin radikal dəyişikliklərə hazırlaşdığı deyilir. Ölkənin siyasi sistemində ciddi dəyişiklik vəd edən referendumda Senatın ləğv edilməsi, vahid parlament yaradılması, deputatların partiya siyahıları ilə seçilməsi təklif olunur. Hazırda Qazaxıstan prezident respublikasıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanda parlament islahatının həyata keçirilməsi Konstitusiyanın 40 maddəsinə dəyişiklik tələb edəcək. Tokayev parlamentin dövlətin siyasi sisteminin əsas elementi olduğunu vurğulayaraq deyib: "Dövlət başçısı kimi mənim üçün parlament ölkənin siyasi sisteminin açar elementidir. Buna görə də, ilk növbədə, Konstitusiyaya bir sıra düzəlişlər edilməlidir. Dəyişikliklər əsas qanunun təxminən 40 maddəsinə şamil olunacaq". Prezidentin sözlərinə görə, Qazaxıstanda parlament islahatlarının həyata keçirilməsi zamanı ölkədə prezident idarəetmə sistemi aktual olaraq qalacaq: "Dövlətimizin əsaslı modernləşdirilməsi strategiyasını davam etdirmək vacibdir. Bu zaman “Güclü prezident, nüfuzlu parlament, hesabatlı hökumət” konsepsiyasına əsaslanmaq lazımdır". Qazaxıstan prezidenti qeyd edib ki, aparılan parlament islahatının, yəni birpalatalı parlamentin yaradılmasının əsas məqsədi bu institutun peşəkarlığını gücləndirməkdir: "Parlament peşəkar olmalıdır. Parlamentin proporsional sistem əsasında, yəni partiya siyahıları üzrə formalaşdırılması təklifi məhz bu məqsədlə irəli sürülüb. Birpalatalı parlament çərçivəsində çoxpartiyalılıq siyasi dialoqun peşəkar əsasda inkişafına təkan verəcək". 
Nəzərdə tutulan dəyişikliyi Sherg.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Qazaxıstanda siyasi sistemin reformaları illərdir davam edir. Onun sözlərinə görə, 2022-ci ilin yanvar hadisələrindən sonra siyasi idarəetmədə dəyişiklik prosesi daha da sürətlənib:
 "Həmin dövrdə Qazaxıstanda kütləvi iğtişaşlar baş vermişdi. O zaman belə fikirlər dolaşırdı ki, ölkədə açıq-aşkar ikitirəlik hökm sürür. Siyasi rəhbərlik parçalanmışdı və Nazarbayevlə Tokayev arasında ziddiyyət var idi. İdarəetmə üslubları bir-biri ilə ziddiyyət təşkil edirdi. Yanvar hadisələrindən sonra ziddiyyət aradan qaldırıldı. İslahatlar da bundan sonra başladı. Qazaxıstanda aparılan islahatlar bir neçə mərhələdən ibarətdir və indi də davam edir. Tokayev tərəfindən həyata keçirilən dəyişikliklər ondan xəbər verir ki, islahatlar uzunmüddətli olacaq. Görünür, sistem tam dəyişilmədikcə, problemlər qalacaq. Cəmiyyətdə baş verən dəyişikliklər və nəzərdə tutulan addımlar dünyada baş verənlərə uyğunlaşır. Əsas məqsəd siyasi sistemin optimallaşdırılmasıdır. Tokayevin dediyi kimi ikipalatalı parlament idarəetmənin çevik formada həyata keçirilməsinə imkan vermir. Sürətli rəqəmsallaşdırma prosesi də dəyişikliyi şərtləndirir. Tokayev süni intellektlə bağlı vacib qərarlar verib, nazirlik yaradılıb".