Tramp: Ərdoğanı çox sevirəm, onunla vacib telefon danışığımız olacaq

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini və onunla çox vacib bir telefon danışığı aparacağını bildirib.

Sherg.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Tramp eyni zamanda Suriya Prezidenti Əhməd Şaranın çox çalışdığını vurğulayıb.

Suriyadakı son proseslərlə bağlı suala cavab verən Tramp, “Suriya Prezidenti çox çalışır. Çox sərt bir adamdır” ifadələrini işlədib. O, Suriyada “yaxşı iş görüldüyünü” də qeyd edib.

Terror təşkilatı SDQ/YPG-nin İŞİD üzvlərini azad etməsinə toxunan Tramp deyib:

“Dünən onunla (Suriya Prezidenti Əhməd Şara ilə) danışdım, həbsxanalardakı vəziyyəti müzakirə etdik. O həbsxanalarda dünyanın ən təhlükəli terrorçularından bəziləri var. Şara bu prosesi yaxından izləyir”.

Suriyadakı kürdlərlə bağlı suala cavab verən Tramp ABŞ-nin bu ölkədəki kürdlərə kifayət qədər dəstək verdiyini bildirib.

“Kürdləri sevirəm, amma bunu başa düşməlisiniz ki, kürdlərə çox böyük məbləğdə pul ödənilib, neft və başqa imkanlar verilib. Yəni bunu bizim üçün yox, daha çox özləri üçün etdilər. Amma biz kürdlərlə yaxşı münasibətdəyik və onları qorumağa çalışırıq”.

İranla bağlı suala cavab verən Tramp bildirib:

“837 nəfəri edam etməyi planlaşdırırdılar. Əgər bunu etsələr, nəticələrinin çox pis olacağını onlara çatdırdıq. Onlar da bundan imtina etdilər. Gələcəkdə nə olacağını deyə bilmərəm”.

Bir jurnalistin Qrenlandiya sakinlərinin ABŞ-nin tərkib hissəsi olmaq istəmədikləri ilə bağlı fikirlərinə münasibət bildirən Tramp isə deyib:

“Onlarla birbaşa danışmaq imkanım olmayıb. Görüşəndə əminəm ki, həyəcanlanacaqlar”.