Tramp: İranla danışıqlarımız çox yaxşı gedir

ABŞ və İran arasında danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“İranla işlərimiz çox yaxşı gedir. Biz İranla danışmışıq və danışıqlarımızı davam etdiririk”, – Tramp deyib.

ABŞ lideri Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib.

Tramp həmçinin iddia edib ki, ABŞ-nin həyata keçirdiyi tədbirlər nəticəsində Hörmüz boğazı gəmiçilik üçün açıqdır.

Bununla yanaşı, "Fox News" telekanalının məlumatına görə, Vaşinqton İrana qarşı hərbi əməliyyatları noyabrın 9-da bərpa etmək imkanını nəzərdən keçirir.

Mənbələr bildiriblər ki, noyabrın 4-də və 5-də Ağ Evdə bu məsələ ilə bağlı müşavirələr keçirilib. Noyabrın 9-da yeni Ay fazasının başlaması və gecə saatlarında Ay işığının minimum olması hərbi əməliyyatlar üçün əlverişli şərait kimi qiymətləndirilir. Lakin hücumların bərpası barədə yekun qərar açıqlanmayıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik davam edir. İyun ayında Vaşinqton və Tehran arasında atəşkəsə dair razılaşma əldə olunsa da, iyulun 8-də ABŞ İrana genişmiqyaslı zərbələri bərpa edib.

Hazırda tərəflər arasında fikir ayrılıqları qalır və Qətərin vasitəçiliyi ilə diplomatik təmaslar davam etdirilir.