Tramp Makronu yeni rüsumlarla hədələyib

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200 %-lik rüsum tətbiq etməklə hədələyib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

ABŞ Prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib.

"Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk edəcək. Mən onun şərab və şampanlarına 200 %-lik rüsum tətbiq edəcəyəm və o qoşulacaq", - D.Tramp bildirib.

Makronun ikinci prezidentlik müddəti gələn il başa çatmalıdır. Fransa Prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini qeyd edib. D.Tramp Sülh Şurasının yaradılması barədə yanvarın 16-da elan edib. Elə həmin gün o, Şuranın İcraiyyə Komitəsini təqdim edib. Komitəyə ABŞ dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer daxildir.