Tramp Qrenlandiyaya görə Avropa ölkələrinə rüsum tətbiq etməyəcək

“NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşdə Qrenlandiya və bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırdıq”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

O bildirib ki, bu həll yolu, əgər tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla bir həll olacaq.

Tramp bu anlayışa əsasən, Qrenlandiyaya görə Avropa ölkələrinə qarşı 1 fevralda qüvvəyə minməsi planlaşdırılan rüsumları tətbiq etməyəcəyini vurğulayıb.

“Qrenlandiya və “Qızıl Günbəz”lə bağlı əlavə müzakirələr aparılır. Müzakirələr irəlilədikcə əlavə məlumatlar təqdim ediləcək. Vitse-prezident Ceyms Vense, Dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və lazım olduqda digərləri Qrenlandiya ilə bağlı məsləhətləşmələrə rəhbərlik edəcək, birbaşa mənə hesabat verəcəklər”, - o əlavə edib.

Qeyd edək ki, Tramp Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Finlandiya və Hollandiyaya 10% rüsum tətbiq etməyi planlaşdırırdı ki, bu rüsumlar da ABŞ-ın Qrenlandiyanı əldə etməsi ilə bağlı razılığa gəlinənə qədər qüvvədə qalacaqdı.