ABŞ Prezidenti Donald Tramp 2029-cu ilin yanvarında səlahiyyət müddəti başa çatmazdan əvvəl köməkçiləri və müşavirləri üçün çoxsaylı qabaqlayıcı əfv fərmanları imzalamaq niyyətində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.
“Mən çoxlu sayda əfv fərmanı imzalamaq niyyətindəyəm”, – ABŞ lideri bildirib.
Tramp zarafatla qeyd edib ki, ikinci prezidentlik dövründə Ağ Evin Oval kabinetinə hətta min mil məsafədə yaxınlaşmış şəxsləri belə demokratların mümkün hüquqi təqibindən qorumaq istəyir.
“İstəmirəm ki, ölkəyə xidmət edən və işini əla yerinə yetirən insanlar həyatlarının qalan hissəsini mənim kimi məhkəmə çəkişmələrində keçirsinlər. Mən radikal və ağılsız insanlardan müdafiə olunmağa dörd il sərf etdim”, – prezident deyib.
ABŞ lideri özünü də qabaqlayıcı qaydada əfv edib-etməyəcəyi barədə suala mənfi cavab versə də, belə bir addımın əsassız olmayacağını bildirib.
Tramp özünü əfv etmək səlahiyyətinə malik olduğuna inandığını da vurğulayıb.
Prezident həmçinin bəzi siyasi rəqiblərini heç vaxt bağışlamayacağını etiraf edib. O, onların arasında Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi və Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru Ceyms Kominin adlarını çəkib.
“Düzünü desəm, yəqin ki, bunu bacarmaram. Çünki bəzi düşmənlərimə həqiqətən nifrət edirəm və bu, həmişə belə olacaq”, – Tramp əlavə edib.