Tramp yeni silahlanma yarışının başladığını elan etdi - ŞƏRH

Trampın ABŞ hərbi büdcəsini 1 trilyon dollardan 1,5 trilyon dollar qaldırmaq istəməsinin əsas səbəbi ABŞ-nin qlobal dominantlığını qoruyub saxlamaqdır

ABŞ Prezidenti Donald Tramp sosial media hesablarında sensasiya doğuran paylaşım edib. 

O, yazıb:

“Qərara gəldim ki, ölkəmizin rifahı naminə, xüsusən də bu çox gərgin və təhlükəli dövrdə 2027-ci il üçün müdafiə büdcəmiz 1 trilyon dollar deyil, 1,5 trilyon dollar olmalıdır. Bu, bizə uzun müddətdir haqqımız olan arzuların ordusunu yaratmağa imkan verəcək və daha da əhəmiyyətlisi, bizi istənilən düşməndən qoruyacaq”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyəti sədri Fərid Şəfiyev “Sherg.az”a açıqlamasında deyib ki, Trampın paylaşımı yeni silahlanma yarışının başlanacağından xəbər verir:

“Hətta məncə bu yarış artıq başlayıb. Trampın ABŞ müdafiə büdcəsini qaldırmaq istəməsinin bir neçə komponenti var. Bunlardan birincisi nüvə silahlarıdır. ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarət sahəsində imzalanan müqavilənin müddəti başa çatmaq üzrədir. Bu sazişin müddətinin yenidən uzadılıb-uzadılmaması sual altındadır.

İkincisi, ABŞ-nin Latın Amerikasındakı əməliyyatları və digər dövlətlərin buna reaksiyalarıdır. 

Trampın ABŞ hərbi büdcəsini 1 trilyon dollardan 1,5 trilyon dollar qaldırmaq istəməsinin əsas səbəbi isə ABŞ-nin qlobal dominantlığını qoruyub saxlamaqdır. 

Təbii ki, onun bu təklifi qəbul olunacaqmı, bilinmir. Çünki ABŞ-nin daxilində yeni müharibələrin əleyhinə olan qüvvələr var. O cümlədən Trampı dəstəkləyən "Make America Great Again" (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının bir hissəsi belə Vaşinqtonun Venesueladakı əməliyyatlarını ciddi tənqid etdi.

Üçüncü amil isə payız aylarında keçiriləcək seçkilərdir. Amerika Birləşmiş Ştatlarında 2026-cı il noyabrın ayında növbəti aralıq (midterm) seçkilər keçiriləcək. Əgər burada demokratlar qalib gəlsə, Trampın planlarını həyata keçirməsinə müəyyən əngəllər yaranacaq”.