ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı “çox ciddi şəkildə düşündüklərini” açıqlaması İsrail və Yunanıstanda narahatlıq yaradıb. Tramp bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu ilə Florida ştatında keçirilən görüşdən sonra səsləndirib.
Açıqlama Tel-Əviv və Afina mediasında geniş rezonans doğurub. İsrail mətbuatı Trampın həm özünün, həm də Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğana hörmət etdiyini vurğuladığını yazıb. Bildirilir ki, Tramp Qəzzada yaradılması nəzərdə tutulan sabitlik qüvvəsinə Türkiyənin cəlb olunmasına da müsbət yanaşıb.
Tel-Əviv mərkəzli media orqanları Trampın Türkiyəyə satılacaq F-35-lərin İsrailə qarşı istifadə olunmayacağına dair zəmanət verildiyini qeyd edib.
Yunan mətbuatı isə Trampın açıqlamalarında Yunanıstanın adının çəkilməməsini narahatlıqla qarşılayaraq, mümkün F-35 satışının Afinanın təhlükəsizlik maraqlarına risk yarada biləcəyini yazıb.