Amerikalı sahibkar Mark Savaya ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, o, Bağdad rəsmiləri ilə yanvarın 23-nə planlaşdırılan danışıqları ləğv edib.
Mənbələrin məlumatına görə, M.Savayanın vəzifəsini itirməsinə səbəb ölkədəki əsas tapşırıqların icrasında "pis idarəçilik", o cümlədən Nuri əl-Malikinin yenidən baş nazir postuna mümkün seçilməsi məsələsindəki yanaşması ola bilər.
Xatırladaq ki, N.əl-Maliki 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər İraq hökumətinə rəhbərlik edib. D.Tramp daha əvvəl bildirmişdi ki, bu pro-İran mövqeli siyasətçinin yenidən kabinet rəhbəri təyin edilməsi İraqı xaos və yoxsulluğa sürükləyəcək. Onun sözlərinə görə, ABŞ-nin köməyi olmadan İraqın "uğur, rifah və azadlıq şansı olmayacaq".
Qeyd edək ki, Trampın Suriya üzrə hazırkı xüsusi nümayəndəsi Tom Barrakın M.Savayanın xələfi ola biləcəyi və gələcəkdə Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edəcəyi ehtimal olunur.