ABŞ Prezidenti Donald Trampın yeni idxal rüsumlarının tətbiqi ilə bağlı qərarı bizneslər üçün qeyri-müəyyənliyi artıracaq və ticarət siyasətində “xaosa” səbəb olacaq.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Kimya Sənayesi Assosiasiyasının (VCI) rəhbəri Volfqanq Qrosse Entrup Bild nəşrinə açıqlama verib.
Onun sözlərinə görə, yeni rüsumlar istənilən an tətbiq oluna bilər:
“Bunu Trampın son açıqlamaları da təsdiqləyir. Ticarət siyasətində xaos davam edəcək və buna görə Avropa İttifaqı Almaniyanın fəal dəstəyi ilə ABŞ-la dialoqu mümkün qədər tez bərpa etməlidi”.
Ticarət hüququ üzrə ekspert Viktor Vinkler isə bildirib ki, ABŞ prezidentinin bəyanatı ölkədə rüsumlarla bağlı məhkəmə çəkişmələrinin sayını artıracaq. Onun fikrincə, bu, qeyri-müəyyənliyin artması deməkdir və qeyri-müəyyənlik qlobal ticarət üçün həmişə mənfi ssenaridir.
Mütəxəssislərin fikrincə, rüsumlardan ilk növbədə ABŞ istehlakçıları zərər görəcək.
Kil Dünya İqtisadiyyatı İnstitutundan bildirilib ki, iqtisadi baxımdan həlledici məqam rüsumların ölkə daxilində ödənilməsidir və əsas yük xarici ixracatçılardan çox amerikalı idxalçılar və istehlakçıların üzərinə düşür. Bununla belə, bu, Almaniya biznesinə də təsirsiz ötüşmür.
Almaniya Elektrik və Rəqəmsal Sənaye Assosiasiyasının məlumatına görə, 2025-ci ilin sentyabrından qüvvədə olan əlavə tarif yükü artıq sektora təsir edib: 2025-ci ildə Almaniyanın ABŞ-yə elektrik avadanlıqlarının ixracı rüsumlar səbəbindən 3% azalıb.
Xatırladaq ki, cümə günü ABŞ Ali Məhkəməsi Trampın idxal rüsumları mexanizminin tətbiqinə qarşı qərar qəbul edib. Bundan sonra ABŞ prezidenti bütün ölkələrdən idxala 10 faiz rüsum tətbiqini nəzərdə tutan sərəncam imzaladığını açıqlayıb. Rüsumlar fevralın 24-dən qüvvəyə minəcək və 150 gün müddətində tətbiq olunacaq.