"Turkish Airlines"in təyyarəsi Barselonada təcili eniş edib

"Turkish Airlines" şirkətinə məxsus təyyarə partlayış təhlükəsi səbəbindən Barselonanın El-Prat hava limanına təcili eniş edib.

"Report" xəbər verir ki, bu barədə "Catalunya Radio" mənbələrə istinadən məlumat yayıb.

Təyyarəni yoxladıqdan sonra təhlükəsizlik qüvvələri partlayıcı qurğuların mövcudluğunu istisna edib.

Hava gəmisi yerli vaxtla təxminən saat 11:00-da Jozep Tarradellas adına hava limanına çatıb. Təyyarənin göyərtəsində 148 sərnişin və 7 ekipaj üzvü olub.

Təyyarə "Iberia" aviaşirkətinin anqarının yaxınlığında olan təcrid edilmiş zonaya yönəldilib və sərnişinlər təxliyə olunub.

Hazırda hüquq-mühafizə orqanları sərnişinləri yoxlayır və vəziyyəti qiymətləndirməyə davam edirlər.