Türkiyə MN yenidən Suriyaya dəstək təklif edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Suriyaya terrorla mübarizədə dəstək göstərməyə hazır olduğunu bəyan edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Nazirliyin açıqlamasında Suriyanın müraciət edəcəyi təqdirdə lazımi dəstəyin göstəriləcəyi bildirilib:

“Ölkəmiz Suriyanın birliyi və ərazi bütövlüyü prinsipləri əsasında terror təşkilatları ilə mübarizəsini dəstəkləyir. Suriya tələb edərsə, Türkiyə lazımi dəstəyi göstərəcəkdir”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) Hələbdə mülki yaşayış məntəqələrinə və Suriya ordusunun mövqelərinə təşkil etdiyi hücumlardan sonra başlayan toqquşmalar davam edir. Məlumata görə, SDQ-nin hücumları nəticəsində 5-i mülki şəxs olmaqla, ümumilikdə 6 nəfər ölüb. Bildirilir ki, bölgə sakinləri təhlükəsizlik məqsədilə təxliyə edilib.