İsrail Baş naziri Binyamin Netanyahu Təl -Əvivdəki parlament sessiyasında Qəzzada Sülh Planı çərçivəsində Türkiyə və Qətərin qüvvələrinin iştirakına qarşı sərt açıqlamalar verib. Netanyahu, “Türk və Qətər əsgərləri Qəzza bölgəsində olmayacaq” deyərək ABŞ-la olan görüşlərdəki fikir ayrılıqlarını açıqlayıb.
Sherg.az xəbər verir ki, İsrailin aşırı sağçı Maliyyə naziri Bezalel Smotriç də “Vasinqton bizim qırmızı xətləri keçməməlidir, Trampın Türkiyəni daxil etmə planı dərhal ləğv olunmalıdır” deyib.
Yerli mətbuat Netanyahunun çıxışını “görünürlük hiyləsi” kimi qiymətləndirir və bunun gerçəyi tam əks etdirmədiyini bildirir. Təl- Əvivdəki təhlükəsizlik mənbələri isə Ankaranın Qəzzaya potensial müdaxiləsinə görə narahat olduqlarını və “kabusun başladığını” ifadə ediblər.
Qurulacaq Qəzza İdarəetmə Şurasına Türkiyə Xarici İşlər Naziri Hakan Fidan də daxildir. Şura Qazzanın idarə olunmasını izləyəcək və dəstəkləyəcək, həmçinin ABŞ, Qətər, Misir və BƏƏ-dən nümayəndələr iştirak edəcək.