Türkiyə Prezidenti: Suriyada vahid və müstəqil dövlətin qorunmasını dəstəkləyirik

Türkiyə Suriyada vahid və müstəqil dövlətin qorunmasını dəstəkləyir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Suriyada yeni təhdidlərin qarşısının alınması üçün prosesin böyük həssaslıqla aparıldığını vurğulayıb.

Ərdoğan Ankaranın Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasını, eləcə də vahid Suriya dövlətinin mövcudluğunu dəstəklədiyini bildirib.

“Türkiyə Suriyada bütün etnik mənsubiyyətlərin və məzhəblərin yanaşı yaşadığı vahid və müstəqil bir dövlətin qurulması uğrunda Suriya dövləti və ordusunun apardığı mübarizəni dəstəkləyir. Suriyadakı kürdlərin hüquqlarını heç kimin müdafiə etmədiyi bir dövrdə bu məsələni gündəmə gətirən və müdafiə edən məhz Türkiyə olub. Bu mövzu daim Ankaranın gündəmində ön sıralarda yer alıb. Türkiyə bu məsələyə heç vaxt maraq prizmasından deyil, hər zaman humanitar yanaşma və qardaşlıq anlayışı ilə baxıb”, – Türkiyə Prezidenti əlavə edib.