Türkiyə XİN Suriyada atəşkəs sazişini dəstəklədiyini bəyan edib

Türkiyə Suriyada əldə edilən atəşkəs və tam inteqrasiya sazişinin ölkədə ərazi bütövlüyü və birlik əsasında sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Suriyadakı atəşkəslə bağlı yaydığı bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Suriyanın gələcəyi terrorizm və bölünmədə deyil, birlik və inteqrasiyadadır. Bildirilir ki, Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd əl-Şaraa tərəfindən 18 yanvar tarixində elan edilən atəşkəs və tam inteqrasiya sazişinin ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olunması səylərini sürətlə və effektiv şəkildə irəli aparacağı gözlənilir.

Türkiyə XİN qeyd edib ki, razılaşmanın Suriya xalqının, eləcə də bütün regionun, xüsusilə də Suriyanın qonşu ölkələrinin təhlükəsizliyinə və sülhünə töhfə verməsi ümid edilir. Bəyanatda xatırladılır ki, 8 dekabr 2024-cü ildən etibarən Suriyada başlayan yeni mərhələ ölkənin firavan gələcəyə qovuşması üçün mühüm fürsət yaradır və hazırda bu proses kritik mərhələdədir.

Nazirlik vurğulayıb ki, yerdəki reallıqlar nəzərə alınmaqla, Suriyadakı bütün qruplar və fərdlər ölkənin gələcəyinin terrorizm və parçalanmada deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu dərk etməlidirlər. Türkiyə xalqın razılığına əsaslanan inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidənqurma təşəbbüslərini dəstəkləməkdə davam edəcəyini bəyan edib.