ABŞ nümayəndələri İsrailin baş naziri Benyamin Netanyahu ilə Trampın Qəzza zolağı üzrə planının ikinci mərhələsinin icrasını müzakirə edərək növbəti addımlar barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "X" sosial şəbəkəsində paylaşım edib.
Uitkoffun sözlərinə görə, yanvarın 24-də keçirilən məsləhətləşmələrdə onunla yanaşı, ABŞ prezidentinin kürəkəni, sahibkar Cared Kuşner, Ağ Evin baş müşaviri Coş Qrünbaum və sahibkar Ari Laytstoun da iştirak edib. Bildirilib ki, müzakirələrin əsas mövzusu ABŞ və İsrailin sıx əməkdaşlıq şəraitində birgə icra etdiyi, 20 maddədən ibarət Trampın Qəzza planının ikinci mərhələsinin reallaşdırılması və regional məsələlər olub.
Xüsusi nümayəndə qeyd edib ki, ABŞ və İsrail arasında sıx əməkdaşlığa və ortaq prioritetlərə əsaslanan möhkəm və uzunmüddətli münasibətlər mövcuddur. Onun sözlərinə görə, danışıqlar konstruktiv və müsbət mühitdə keçib, tərəflər növbəti addımlar üzrə razılığa gəlib və region üçün vacib məsələlərdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.