Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın "Oreşnik" raketlərinin sınaqdan keçirildiyi poliqona hücum edib.
"Report"un "RBK-Ukraina"ya istinadən məlumatına görə, zərbə yanvarın 8-də Ukraynanın Lvov şəhərinin ətrafına hücumda istifadə olunan obyektə endirilib.
"Ukrayna dronları Həştərxan vilayətində yerləşən 4-cü Dövlət mərkəzi müştərək poliqon – "Kapustin Yar"a hücum edib. Poliqon orta mənzilli "Oreşnik" ballistik raketlərinin sınaqları üçün aktiv şəkildə istifadə olunur", – məlumatda qeyd olunur.
Rusiyanın "Radar VRV" adlı "Telegram" kanalının məlumatına görə, hücum zamanı poliqonda hava hücumundan müdafiə sistemi işləsə də, zərbə PUA-ları montaj-sınaq korpusuna dəyib.
"Oreşnik"lə yanaşı, poliqonda müxtəlif qısa və ortamənzilli raketlər, qanadlı raketlər, HHM kompleksləri və "S-400" buraxılış qurğuları da sınaqdan keçirilir.
Ukrayna dronlarının "Kapustin Yar"a əvvəlki hücumu 2024-cü ilin iyulunda baş verib, həmin vaxt obyektin ərazisindəki binalar zədələnmişdi.