Ukrayna rəhbərliyində ciddi dəyişikliklər baş verməyəcək -ŞƏRH

Zelenskinin istefasına səbəb kimi korrupsiya iddiaları ictimailəşdirilə bilər

“ABŞ Ukraynada baş verən korrupsiya qalmaqallarını ictimailəşdirərək, Volodimir Zelenskini yola salmaq üçün zəmin hazırlayır”.

Bunu Ukrayna Ali Radasının keçmiş deputatı Artyom Dmitruk bildirib.

Siyasətçi bunun necə baş verəcəyi və Zelenskinin kiminlə dəyişdiriləcəyinin hələlik məlum olmadığını deyib.

Dmitrukun sözlərinə görə, Zelenski ölkə daxilində mövqelərini itirir və yaxın vaxtlarda Kiyevdə kadr dəyişiklikləri gözlənilir:

“Ədliyyə naziri German Qaluşenkonun vəzifədən kənarlaşdırılması sadəcə kadr dəyişikliyi deyil, Zelenski sisteminin növbəti dəfə daxildən dağılmağa başladığının açıq siqnalıdır. Bu, indiyədək Zelenskiyə vurulan ən güclü zərbədir. Yaxın günlərdə yeni istefalar gözlənilir”.

O iddia edib ki, Ukraynadakı siyasi proseslər mövcud hakimiyyətin tədricən dağılmasına gətirib çıxarır və ən real ssenari müvəqqəti hökumətin formalaşdırılması ola bilər.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, son vaxtlar bu barədə çoxsaylı müzakirələr gedir ki, ABŞ Volodimir Zelenski ilə yollarını ayırmağı düşünür:

"Dəfələrlə bu istiqamətdə müxtəlif açıqlamalar və iddialar səsləndirilib. Hətta Zelenskinin yerinə təyin olunacağı iddia edilən şəxslərlə bağlı Qərb mediasında da bir neçə dəfə məlumatlar yayılıb. Bu isə müəyyən qədər şübhə doğurur. Necə ola bilər ki, Ukraynada rəhbərlik dəyişsin və Zelenski başqa fiqurlarla əvəz olunsun? Çünki bu, ilk növbədə prezidentin istefasını tələb edir. Hazırda ölkədə müharibə davam etdiyi üçün Zelenskinin postunu tərk etməsi həm siyasi, həm də hərbi qanunvericilik baxımından ciddi nəticələr doğura bilər. Döyüşlərin getdiyi şəraitdə dövlət başçısının istefası ölkədə çaşqınlıq və qeyri-sabitlik yarada bilər. Digər tərəfdən, ABŞ-nin dəstəklədiyi şəxsin necə hakimiyyətə gətiriləcəyi də sual doğurur. Ukrayna qanunvericiliyinə əsasən, prezident xalq tərəfindən seçilməlidir. Əgər Zelenski istefa versə, avtomatik olaraq prezident səlahiyyətləri Ali Radanın spikerinə keçəcək".

Analitik qeyd edib ki, hazırda ölkədə prezident seçkiləri təxirə salınıb, çünki müharibə və hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi mümkün deyil:

"Ehtimal olunur ki, Zelenskinin istefasına səbəb kimi korrupsiya iddiaları ictimailəşdirilə bilər. Onsuz da son günlər Ukrayna hökumətində bəzi nazirlərin, o cümlədən Energetika və Ədliyyə nazirlərinin istefası bu istiqamətdə daxili qarışıqlığın artdığını göstərir. Bütün bu proseslərə baxmayaraq, yaxın müddətdə Ukrayna rəhbərliyində ciddi dəyişikliklərin baş verəcəyinə inanmıram".