Ukraynada müharibə şəraitində seçkilərin təşkili və keçirilməsi ilə bağlı qanunun hazırlanması üzrə işçi qrupu ilk iclasını keçirib. İşçi qrupunun tərkibinə ümumilikdə 62 nəfər daxil edilib.
Bu barədə AZƏRTAC işçi qrupunun yaydığı məlumata istinadla xəbər verir.
İşçi qrupuna Ukrayna Ali Radasının birinci vitse-spikeri Oleksandr Kornienko sədrlik edir. O, bugünkü iclasda qrupun tərkibini açıqlayıb. İşçi qrupunun rəhbəri kimi Oleksandr Kornienkonun üç müavini var: Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə Komitəsinin sədri Oleksandr Zavitneviç (istiqamət – hərbi qulluqçuların səsverməsi); Ali Radanın sədr müavini Yelena Kondratyuk (istiqamət – xaricdə olan seçicilər); Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma məsələləri üzrə Komitəsinin sədri Yelena Şulyak (istiqamət – Seçki Məcəlləsi).
Bundan əlavə, vəzifəsinə görə işçi qrupunun tərkibinə Ukrayna Ali Radasının Komitə sədrinin müavini, seçkilər və referendumlar məsələləri üzrə yarımkomitənin sədri Alina Zaqoruyko da daxil edilib. Ümumilikdə işçi qrupunun tərkibi 62 nəfərdən ibarətdir. Onların sırasında xalq deputatları, Mərkəzi Seçki Komissiyasının nümayəndələri, hərbçilər və hakimlər yer alır. Xüsusilə qeyd olunur ki, Ukrayna Ali Radasının hər bir fraksiya və deputat qrupundan iki nəfər işçi qrupunda təmsil olunur. Bunlar Aleksandr Kaçura (“Xalqın Xidmətçisi”), Yuliya Timoşenko (“Batkivşina”), Roman Lozinski (“Səs”), Larisa Maklana-Bilozir (“Etibar”), Oleq Dunda (“Xalqın Xidmətçisi”) və Viktor Myalikdir (“Gələcək naminə”).
Təqribən 10 nəfər əsas ictimai təşkilatlardan, habelə icra hakimiyyəti orqanlarının və güc strukturlarının nümayəndələri də işçi qrupunun tərkibinə daxil edilib. Müharibə dövründə seçkilərin keçirilməsi üzrə işçi qrupunun iclasları zərurət yarandıqca, lakin ən azı iki həftədə bir dəfə keçiriləcək. Növbəti iclasın 2026-cı il yanvarın 9-dək, təxminən yanvarın 6–8-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropa tərəfdaşlarının təşkilati dəstək göstərəcəyi təqdirdə seçkilərin keçirilməsinə hazır olduğunu bəyan etmişdi.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynada “prezident seçkilərinin vaxtının çatdığını” bildirmişdi. Eyni zamanda, sülh planının layihəsində yer alan 18-ci bənddə sülh sazişinin imzalanmasından sonra Ukraynanın mümkün qədər tez seçkilər keçirməsinin zəruriliyi nəzərdə tutulur.