İrəvan ümid edir ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu hissələrini tez bir zamanda bərpa edə biləcək.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumət brifinqində Rusiya Prezidenti Vladimir Putinlə görüşünün nəticələrini şərh edərkən deyib.
“Bu mərhələdə Tavuş ərazisində, ən azı İcevan stansiyasına qədər təmir işlərinin aparılması vacibdir. Eləcə də Axurik ərazisindəki hissə — Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinə qədər, Ermənistan-Azərbaycan sərhədindən Yerasxa (Arazdəyən) qədər olan hissə bərpa olunmalıdır. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız bu işi mümkün qədər tez başa çatdıracaqlar”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bütün bu ərazilər Rusiyanın konsessiya idarəçiliyi altındadır:
“Rusiya tərəfi hər hansı bir problemlə qarşılaşarsa, Ermənistan hökuməti bu hissələri konsessiyadan çıxarmağa və dövlət büdcəsi hesabına təmir işləri aparmağa hazırdır”.