- “ABŞ dəstəyi azaltsa, Rusiyanın şansı artacaq”
ABŞ və Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsinə yanaşmasındakı fikir ayrılıqları getdikcə daha qabarıq görünür. Vaşinqtonun Moskva ilə enerji sahəsində mümkün əməkdaşlıq addımları və müharibənin dayandırılmasına dair təşəbbüsləri fonunda Brüssel Rusiyaya qarşı sanksiyaları genişləndirir.
Qeyd edək ki, oktyabrın 12-də Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləyiblər. Təxminən 1600 fiziki və hüquqi şəxsi əhatə edən bu addım "qara siyahı"nın indiyədək ən böyük genişlənməsi kimi qiymətləndirilir. Bu qərar eyni zamanda, Vaşinqtona nümayişkaranə demarş kimi görünür: Donald Tramp Ukraynanı prezidentini dəyişməyə və Rusiyaya qarşı sanksiyaları qismən ləğv etməyə çağırdığı bir vaxtda, Brüssel tamamilə fərqli xətt seçir və ABŞ-ı Avropanın xarici siyasət kursuna uyğunlaşmağa səsləyir. Aİ xarici işlər nazirlərinin Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarı ABŞ Prezidenti Donald Trampın son addımları fonunda qəbul edilib. Ötən həftənin sonunda Tramp Rusiya Prezidenti Vladimir Putinlə Rusiya dizel yanacağının qlobal və ABŞ bazarlarına tədarükünə dair anlaşma əldə etdiyini bəyan edib. Hətta ABŞ Maliyyə Nazirliyi bununla bağlı 7 aprel 2027-ci ilə qədər qüvvədə olacaq xüsusi lisenziya da verib. Tramp, həmçinin Zelenskini münaqişəni uzatmaqda təqsirləndirərək Ukraynada rəhbərliyin dəyişməsinin vacibliyini vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsü və Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarını şərh edən siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a bildirib ki, tərəflər arasında mövqelərin fərqli olması müharibənin dayandırılması istiqamətində ciddi çətinliklər yaradır.
Ə. Şahidovin sözlərinə görə, Donald Tramp Ukrayna-Rusiya müharibəsinin dayandırılması və atəşkəsin əldə olunması istiqamətində təşəbbüslərlə çıxış edərkən tərəflərə münasibətdə eyni səviyyədə təzyiq və təsir mexanizmlərindən istifadə olunmur: “ Trampın Vladimir Putinlə şəxsi münasibətləri, hətta dostluq əlaqələri, eləcə də Rusiyanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi və cəbhədə əldə etdiyi hərbi üstünlük bu prosesdə mühüm rol oynayır.
Rusiya faktiki olaraq işğal etdiyi ərazilərdə mövqelərini möhkəmləndirməyə və bunu özünün hərbi-siyasi uğuru kimi təqdim etməyə çalışır. Bu vəziyyət danışıqlar prosesində tərəflərə bərabər münasibətin təmin olunmasını çətinləşdirir. Moskva hesab edir ki, artıq müəyyən əraziləri nəzarətə götürüb, Ukrayna isə müharibənin uzanması nəticəsində tədricən zəifləyir. Bu baxımdan Rusiya danışıqlar masasında öz mövqeyindən və cəbhədəki üstünlüyündən maksimum istifadə etməyə çalışır.
Ukrayna isə artıq beşinci ildir ki, davam edən müharibədə həm ərazi, həm də insan itkisi ilə üzləşir. Doğrudur, Kiyev Rusiyanın dərinliklərindəki hədəflərə, hərbi obyektlərə və strateji infrastruktura qarşı dron hücumları həyata keçirir. Lakin bu zərbələr Rusiyaya müəyyən itkilər versə də, müharibənin ümumi gedişində Ukraynanın üzləşdiyi hərbi və siyasi çətinlikləri aradan qaldırmır.
Tramp administrasiyasının yanaşmasını da məhz bu reallıqlar kontekstində qiymətləndirmək lazımdır. Vaşinqton hesab edir ki, Rusiya hərbi baxımdan daha güclü mövqedədir və ona təsir göstərmək imkanları məhduddur. Ukraynanın vəziyyəti isə fərqlidir. Kiyev Qərbin, xüsusilə də ABŞ-ın hərbi, siyasi, maliyyə və kəşfiyyat dəstəyindən ciddi şəkildə asılıdır. Bu asılılıq Vaşinqtona danışıqlar prosesində Ukrayna üzərində daha təsirli təzyiq imkanları yaradır.
Məsələn, ABŞ-ın təqdim etdiyi kəşfiyyat məlumatları Ukraynaya Rusiyanın strateji obyektlərinə, hərbi sənaye kompleksinə və enerji infrastrukturuna qarşı daha dəqiq əməliyyatlar həyata keçirməyə imkan verir. Belə bir dəstəyin dayandırılması və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması Ukraynanın hərbi imkanlarına ciddi təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun Kiyevə təsir imkanları Moskva ilə müqayisədə daha genişdir. Tramp administrasiyası da bu üstünlükdən istifadə edərək Ukraynanı danışıqlar masasında müəyyən güzəştlərə getməyə və Rusiyanın irəli sürdüyü şərtləri nəzərdən keçirməyə sövq etməyə çalışır. Yəni Rusiya mövcud hərbi reallıqları siyasi və hüquqi baxımdan təsbit etməyə çalışır, Ukrayna isə həmin reallıqların onun suveren hüquqlarını məhdudlaşdırmasını qəbul etmir. Əslində, sülh prosesi bir tərəfin öz şərtlərini digər tərəfə diktə etməsi ilə məhdudlaşmamalıdır. Davamlı sülh yalnız tərəflərin təhlükəsizlik maraqlarını, dövlətlərin suverenliyini və beynəlxalq hüququn fundamental prinsiplərini nəzərə alan razılaşma əsasında mümkündür. Əks halda, əldə ediləcək razılaşma münaqişəni həll etmək əvəzinə, onun növbəti mərhələsi üçün zəmin yarada bilər. Hazırkı şəraitdə isə tərəflərin mövqeləri arasındakı bu fundamental fərqlər real sülh sazişinə nail olunmasını çətinləşdirir”.
Siyasi şərhçi hesab edir ki, Avropa İttifaqı ABŞ-dan fərqli olaraq, Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsi istiqamətində mövqe sərgiləyir:
“Oktyabrın 12-də Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edilməsi də bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Həmin tədbirlərin əsas istiqamətlərindən biri Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən üçüncü ölkələrin şirkətlərinə və ayrı-ayrı şəxslərə qarşı məhdudiyyətlərin genişləndirilməsidir. Avropa İttifaqı ölkələri hesab edirlər ki, Rusiya ilə Ukrayna arasında əldə ediləcək hər hansı razılaşma Ukraynanın maraqlarına zidd olarsa, bunun nəticələri təkcə Kiyevlə məhdudlaşmayacaq. Brüsseldə Moskvanın strateji məqsədləri və mümkün gələcək addımları ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Avropa dövlətləri düşünürlər ki, Rusiya Ukraynada öz məqsədlərinə nail olarsa, növbəti mərhələdə NATO-nun şərq cinahında yerləşən ölkələr, xüsusilə Baltikyanı dövlətlər üçün təhlükələr arta bilər.
Bu baxımdan Avropa İttifaqı Ukraynanı dəstəkləməklə, əslində, özünün təhlükəsizlik maraqlarını da qorumağa çalışır. Brüsselin yanaşmasına görə, məqsəd müharibəni istənilən qiymətə dayandırmaq deyil, əgər sülh sazişi əldə olunacaqsa, onun ədalətli, beynəlxalq hüquqa əsaslanan və gələcəkdə Rusiyanın yeni hərbi təcavüzünün qarşısını ala biləcək təminatlarla müşayiət olunan razılaşma olmasıdır.
Məhz bu məsələdə Vaşinqtonla Brüssel arasında ciddi fikir ayrılıqları meydana çıxır. Tramp administrasiyası müharibənin daha tez dayandırılmasına və danışıqlar yolu ilə razılaşma əldə edilməsinə üstünlük verir. Avropa İttifaqı isə Rusiyanın ərazi iddialarının faktiki olaraq tanınacağı və Ukraynanın təhlükəsizlik maraqlarının arxa plana keçiriləcəyi bir razılaşmanın gələcəkdə daha böyük problemlərə yol aça biləcəyindən ehtiyat edir”.
Ə. Şahidov əlavə olaraq bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları sərtləşdirsə və Ukraynaya dəstəyini davam etdirsə də, ABŞ-ın hərbi və kəşfiyyat imkanlarını qısa müddətdə əvəz edə bilmir:
“Rusiyaya turist vizalarının məhdudlaşdırılması isə müharibəni dayandırmaq üçün yetərli vasitə deyil. Əsas problem Vaşinqtonla Brüsselin fərqli mövqeləridir. ABŞ-ın Ukraynaya dəstəyini azaltması və Kiyevə güzəştlər üçün təzyiq göstərməsi Avropanın prosesə təsir imkanlarını zəiflədə, Rusiyanın öz məqsədlərinə nail olmaq şansını artıra bilər”.