Venesuela hökuməti ABŞ-ı ölkənin bir neçə ştatında mülki və hərbi obyektlərə hücum etməkdə günahlandırıb. Yanvarın 3-nə keçən gecə paytaxt Karakasda yerli vaxtla saat 02:00 radələrində azı yeddi partlayış və alçaqdan uçan hərbi təyyarələrin səsi eşidilib. Hücumların Karakas, Miranda, Araqua və La Quayra ərazilərində baş verdiyi bildirilir.
Sherg.az ''Euronews''a istinadən xəbər verir ki, rəsmi Karakas bu hadisəni “son dərəcə ağır hərbi təcavüz” adlandıraraq beynəlxalq ictimaiyyətə müraciət edib və məqsədin Venesuelanın neft və mineral ehtiyatlarını ələ keçirmək olduğunu bəyan edib. Prezident Nikolás Maduro “xarici təhlükə vəziyyəti” elan edən fərmanı imzalayıb və səfərbərlik çağırışı edib.
ABŞ Pentaqonu və Ağ Ev hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, ABŞ Federal Aviasiya Administrasiyası davam edən hərbi fəaliyyət səbəbilə Venesuela hava məkanında ABŞ-a məxsus mülki uçuşları qadağan edib. Hadisələr fonunda paytaxtda sakinlər küçələrə çıxıb, bəzi hərbi obyektlərdə isə elektrik enerjisinin kəsildiyi bildirilib.