Yanvarın 7-də ABŞ tərəfindən saxlanılan “Bella 1” neft tankeri sanksiyalardan yayınmaq üçün özünü Rusiyaya məxsus gəmi kimi təqdim edib.
APA xəbər verir ki, bu açıqlamanı ABŞ-ın vitse-prezidenti Ceyms Vens “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, əvvəlcə “Bella 1” tankerinin ekipajı ABŞ qüvvələrinə göyərtəyə çıxmağa icazə verməyib. Daha sonra, dekabrın sonunda, tanker “Marinera” adı ilə Rusiya qeydiyyatına keçərək bu ölkənin qorunması altında olmaq istəyib.
“Gəmi yalançı Rusiya neft tankeri idi. Onlar demək olar ki, sanksiyalardan yaxa qurtarmaq üçün özlərini Rusiya tankeri kimi qələmə verirdilər”, - Vens bildirib.
Məlumata görə, “Marinera” gəmisinin göyərtəsində neft olmasa da, ABŞ onun Venesueladan sanksiya altındakı nefti daşıyan “kölgə donanması”na məxsus olduğunu iddia edir.