Rusiya rəhbəri Lukaşenkonun Belarus Konstitusiyasına dəyişikliklər haqqında təklifini məntiqli, vaxtında və məqsədəuyğun hesab etdiyini də söyləyib: “Rusiya Belarusla mövcud razılaşmaların hamısına, o cümlədən İttifaq dövləti və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki mövcud razılaşmaların hamısına sadiqdir”. Belarus-Rusiya hərbi təlimlərindən danışan Putin ölkəsinin hərbi bölmələrinin Belarusda birgə təlim proqramlarının icrasından sonra öz dislokasiya yerlərinə qayıdacağını da söyləyib. Putin Belarusa 1,5 mlrd. dollar həcmində kredit veriləcəyini də deyib: “Biz razılaşdıq ki, Rusiya Belarusa bu çətin anında 1,5 mlrd. dollar həcmində dövlət krediti versin. Biz bunu icra edəcəyik. Hazırda bildiyim qədəri ilə maliyyə nazirlərimiz bu barədə professional səviyyədə iş aparırlar”.
“Lukaşenko ölkə müxalifəti ilə dialoq çağırışına getmir və bu istiqamətdə təkliflərə məhəl qoymur. Hazırda Lukaşenkonu dəstəkləyən yeganə dövlət Rusiyadır. Amma göründüyü kimi Belarus prezidenti bu dəstəkdən tam əmin deyil. Çünki Kreml dəfələrlə öz müttəfiqlərini çıxılmaz vəziyyətdə qoyub və arxasında sonadək durmayıb. Bu baxımdan Lukaşenko narahatdır və Rusiyaya səfəri ilə bir növ Kremldən təminat almaq niyyətindədir. Ona qarşı həm daxili, həm də xarici təzyiqlər gündən-günə artmaqdadır. Vəziyyəti getdikcə pisləşir. Hətta Lukaşenkonun sərt tonda danışması, hədə-qorxu gəlməsi də işə yaramır. Rusiyaya səfərdən sonra Belarus prezidentinin öz hakimiyyətini nə qədər qoruyacağını isə zaman göstərəcək”.