Xristian aləminin ən mühüm müqəddəs günlərindən biri olan Kül Çərşənbəsi oruc və dualarla qeyd olunur.
Kül Çərşənbəsi Pasxa bazar günü ilə başa çatan 40 günlük oruc və tövbə dövrü – Böyük Perhizin ilk gününü bildirir. Bu gün dünya üzrə xristianlar oruc tutur, tövbə edir və ruhən saflaşmağa çalışırlar.
Sherg.az xəbər verir ki, Pasxadan 46 gün əvvələ təsadüf edən bu gün qədim yəhudi tövbə və oruc ənənələrinə dayanır. II əsr kilsə mənbələrində kül sürtülməsi tövbə rəmzi kimi qeyd olunur. Kül insanın torpaqdan yaradılmasını və faniliyini simvolizə edir.
Müqəddəs ayin zamanı keşişlər ibadət edənlərin alnına xaç formasında kül çəkərək belə deyirlər:
“Tövbə edin və İncilə iman gətirin” və ya
“Unutmayın ki, siz torpaqsınız və torpağa qayıdacaqsınız.”
Bu mərasimdə hətta xristian olmayan şəxslər də iştirak edə bilər.
Kül Çərşənbəsi ayini digər ayinlərdən fərqlənir. Tövbe mərasimi ayrıca icra olunmur, onun əvəzinə kül çəkilir. Böyük Perhizin ciddiliyi səbəbindən “Gloria” və “Alleluia” kimi sevinc ifadə edən ilahilər səsləndirilmir. Onların yerinə Tanrının mərhəmətinə yönəlmiş, daha kədərli və düşüncəli ilahilər oxunur.
Bu gün 18–59 yaş arası xristianlar üçün oruc vacib sayılır. Oruç bir tam yemək və iki yüngül qida ilə məhdudlaşır. Hamilə, süd verən və ya ciddi sağlamlıq problemi olan şəxslər bu öhdəlikdən azaddır.
17 yaşdan kiçik uşaqlar oruc tutmaq məcburiyyətində deyil, lakin 14 yaşdan yuxarı olanların qırmızı ət yeməməsi tövsiyə olunur.
Kül Çərşənbəsi, xristian təqviminin ən müqəddəs bayramı olan "Pasxa"ya hazırlıq mərhələsi kimi qəbul edilir və möminlər üçün tövbə, düşüncə və ruhani yenilənmə imkanı yaradır.