Yaponiya hərbi xərcləri 30 faiz azaltmağa hazırlaşır

Yaponiya hökuməti büdcə məhdudiyyətləri səbəbindən qarşıdakı beş il üçün nəzərdə tutulan müdafiə xərclərini əhəmiyyətli dərəcədə azalda bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Yaponiyanın Maliyyə Nazirliyi növbəti beş il ərzində müdafiəyə 50-60 trilyon yen (313-376 milyard dollar) ayrılmasını təklif edir. Bu, hazırkı beşillik büdcədən çox olsa da, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyasının tələb etdiyi 80 trilyon yenlik vəsaitdən təxminən 30 faiz azdır.

Agentlik bildirir ki, təklifin qəbul olunması raketlərin, hərbi təyyarələrin, o cümlədən ABŞ istehsalı olan F-35 qırıcılarının satınalma planlarına yenidən baxılmasına səbəb ola bilər. Bəzi silah sistemlərinin alınması üçün nəzərdə tutulan vəsaitin hətta yarıyadək azaldılması istisna edilmir.

Belə maliyyələşmə şəraitində Yaponiyanın müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə çatdırmaq hədəfinin reallaşması da çətinləşə bilər.

Mənbələrə görə, büdcə məhdudiyyətləri Baş nazir Sanae Takaiçinin iqtisadi artımı stimullaşdırmaq və ərzaq məhsullarına tətbiq edilən istehlak vergisini azaltmaq planları ilə əlaqədardır.

Qeyd edək ki, Yaponiya hökuməti ilin sonunadək milli təhlükəsizlik strategiyası da daxil olmaqla, müdafiə sahəsində üç əsas strateji sənədin yenilənmiş variantını qəbul etməyi planlaşdırır.