Ankara Əhməd əş-Şaraya da təzyiq edə bilməyəcək
Türkiyə bu günə qədər YPG-yə qarşı hərbi əməliyyatlar keçirə bilirdisə, bundan sonra o qədər də asan olmayacaq
Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma imzalanıb. Razılaşmaya əsasən, YPG dövlət qurumlarında təmsil olunacaq. Məlumata görə, sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə verilir. 8 maddəlik razılaşmaya görə, YPG Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək.
Ekspertlərə görə, Suriya keçid dövrü Prezidenti Əhməd əş-Şara ölkədə mərkəzi hakimiyyət qurmağa çalışır, lakin prosesi nə qədər uğurlu aparması mübahisəlidir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, YPG ilə razılaşma Suriya üçün müsbət nə isə vəd etmir, çünki YPG terror təşkilatıdır. Ekspertə görə, təşkilatın fəaliyyəti həm beynəlxalq hüquqa, həm də Suriya konstitusiyasına ziddir:

"Bununla belə, Əhməd əş-Şara “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin ilə görüşdü. Bu, faktiki olaraq terrorçunu və terror təşkilatını dövlət səviyyəsinə qəbul edib tanımaqdır. Bu kimi görüşlərin nəticələri hər zaman ağır olur. Bu günə qədər YPG-nin nəzarət etdiyi ərazilərdəki fəaliyyəti qanunsuz idisə, təşkilat bundan sonra dövlət qurumlarında təmsil olunacaq. Sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə veriləcəyi deyilsə də, YPG-nin sözündə durub-durmayacağı şübhəlidir. YPG-nin hərbi birləşmələri var. İllərdir ABŞ tərəfindən dəstəklənən təşkilat Suriya ordusundan daha yaxşı silahlara sahibdir. YPG-nin hərbi qanadı özünü buraxmalı olduğu halda razılaşmaya görə, Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. YPG-nin hərbi qanadı qaldığı müddətdə Suriya üçün hər zaman vətəndaş müharibəsi təhdidi qalacaq".
Analitik düşünür ki, YPG-nin mədəni muxtariyyət əldə etməsi kürdlərin illərdir Suriyada istədiyi bir şey idi:
"YPG Suriya parlamentində, dövlətdə təmsil olunacağı üçün mədəni muxtariyyət qısa zamanda siyasi, nəhayətində isə respublika tipində yüksək muxtariyyətə keçid edəcək. Nəticə etibarilə Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan razılaşma sənədi Suriya üçün müsbət nəsə vəd etmir. Əksinə, Türkiyə üçün də risk faktoru daşıyır. Türkiyə bu günə qədər YPG-yə qarşı hərbi əməliyyatlar keçirə bilirdisə, bundan sonra o qədər də asan olmayacaq. Ankara bu sazişlə bağlı Əhməd əş-Şaraya da təzyiq edə bilməyəcək. Çünki Suriya hökumətinin YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri ilə danışıqlar aparmasına Türkiyə zəmin yaradıb. Söhbət Ankaranın PKK terror təşkilatı lideri Abdullah Öcalanla apardığı danışıqlardan gedir. Bu saziş Suriyada kürdlərin daha da güclənməsinə və gələcəkdə dövlətləşmə yolunda addımlar atmasına səbəb ola bilər".