Yunanıstan və Danimarka şahzadəsi öldü

Yunanıstan və Danimarka şahzadəsi, İspaniya kraliçası Sofiyanın bacısı İrina 83 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Yunanıstan kral sarayının yaydığı rəsmi açıqlamada bildirilib ki, şahzadə İrina yanvarın 15-də yerli vaxtla saat 11:40-da (Bakı vaxtı ilə 14:40) Madriddəki Sarsuela sarayında ölüb.

CNN-in yazdığına görə, şahzadə səhhətində yaranan problemlər səbəbindən vəfat edib. Kraliça Sofiya bacısının sağlamlıq vəziyyətinin bir neçə ay əvvəl kəskin pisləşməsi fonunda son dövrlərdə planlaşdırılan tədbirlərini ləğv etmişdi. Şahzadə İrina sonuncu dəfə 2025-ci ilin fevralında ictimaiyyət qarşısına çıxmışdı.

Qeyd edək ki, şahzadə İrina 11 may 1942-ci ildə Keyptaun şəhərində anadan olub. Onun anası Hannoverli Frederika Almaniyanın son imperatorunun nəvəsi, atası isə Qlüksburqlar sülaləsindən olan Yunanıstanın beşinci kralı Pavel idi. Anasının vəfatından sonra, 1981-ci ildən etibarən şahzadə İrina İspaniya kral ailəsinin iqamətgahı olan Madriddəki Sarsuela sarayında yaşayırdı.