Zelenski Belarus müxalifətinin lideri ilə Lukaşenkonu müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə (Litva) Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

Teleqraf xəbər verir ki, məlumatı belaruslu siyasətçi sosial mediada yayıb.

“Belaruslular adından azadlıq uğrunda mübarizə aparan Ukrayna xalqı ilə tam həmrəylik nümayiş etdirdim, Prezident Zelenskinin misilsiz liderliyinə dərin hörmətimi bildirdim”, - Tixanovskaya yazıb.

Müxalifət liderinin sözlərinə görə, görüşdə azadlıqların təmin olunması, sanksiyalar, Belarus lideri Aleksandr Lukaşenko və yaxın çevrəsinin məsuliyyətə cəlb olunması, Avropa, ABŞ və digər tərəfdaşlarla birgə strategiya məsələləri müzakirə olunub.

Tixanovskaya Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi istəyini ifadə edərək, azad Ukrayna ilə azad Belarusun gələcəyinin bir-birindən ayrıla bilməyəcəyini vurğulayıb.